Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Haqqında

Uzun və tarixi inkişaf yolu keçən Maliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə ölkənin maliyyə siyasətinin həyata keçirilməsi, dövlətin gəlir və xərclərinin idarə olunması məqsədilə yaradılmışdır. Həmin ilin 21 iyun tarixli qərarı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilmiş, quruma dövlət büdcəsinin tərtibi, vergi və gömrük sistemlərinin təşkili, eləcə də dövlət vəsaitlərinin idarə olunması və xərclərə nəzarət funksiyaları həvalə olunmuşdur.

1920-ci il 28 aprel tarixində Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Nazirliyin adı dəyişdirilərək Xalq Maliyyə Komissarlığı adlandırılmış və ölkədə fəaliyyət göstərən bütün maliyyə idarələri bu qurumun tabeliyinə verilmişdir.

1946-cı ildə SSRİ-də Xalq Komissarlıqları sisteminin ləğvi ilə əlaqədar olaraq, Azərbaycan SSR Xalq Maliyyə Komissarlığı yenidən Maliyyə Nazirliyi adlandırılmışdır.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra Maliyyə Nazirliyi ölkənin müstəqil maliyyə siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyətini davam etdirmişdir.

2002-ci il 2 iyul tarixində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə dövlət büdcəsinin hazırlanması, icrası və hesabatlılığı üçün hüquqi baza yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Fərmanla Nazirliyin strukturu, eləcə də onun strukturuna daxil olan Dövlət Xəzinədarlıq Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti və Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin Əsasnamələri qəbul edilmişdir. Sonradan dövlət borcunun idarə olunması sahəsində institusional islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli Fərmanı ilə Dövlət Borcu və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin Əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 aprel tarixli 55 nömrəli Qərarı ilə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların — Maliyyə Elm-Tədris Mərkəzi, “Məlumat-Hesablama Mərkəzi” MMC, ““Bakı Konqres Mərkəzi” MMC, “Maliyyə və uçot jurnalı redaksiyası” MMC-nin siyahısı təsdiq olunmuşdur.

25 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Maliyyə Nazirliyinin yeni inzibati binasının açılışı olmuşdur. Bu hadisə Nazirliyin institusional inkişafında mühüm mərhələ kimi tarixə düşmüş, müasir idarəetmə prinsiplərinə və iş şəraitinə uyğun fəaliyyət üçün geniş imkanlar yaratmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 6 fevral tarixli Sərəncamı ilə Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2025-ci il 29 may tarixli 87 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tabeliyində olan “Maliyyə və uçot jurnalı redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2025-ci il 04 iyul traixli 112 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat-Hesablama Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə edilmiş dəyişiklik nəticəsində qurumun adı “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 25 avqust tarixli “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə dövlət maliyyəsinin və maliyyə öhdəliklərinin səmərəli idarə olunması məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılmışdır.

Bu gün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət maliyyə sisteminin əsas koordinatoru kimi ölkənin iqtisadi inkişaf strategiyasına uyğun maliyyə idarəçiliyinin təkmilləşdirilməsi, büdcə prosesində şəffaflıq və hesabatlılığın artırılması, eləcə də beynəlxalq maliyyə standartlarına inteqrasiyanın genişləndirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirir. Nazirlik eyni zamanda büdcə prosesinin rəqəmsallaşdırılması, dövlət vəsaitlərinin idarə olunmasında müasir texnologiyaların tətbiqi, orta müddətli xərclər çərçivəsinin formalaşdırılması, nəticəəsaslı büdcə mexanizmlərinin genişləndirilməsi kimi prioritetlərin icrasını təmin edir.

Maliyyə Nazirliyi həmçinin beynəlxalq maliyyə institutları – Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində ölkənin fiskal dayanıqlığının gücləndirilməsi, maliyyə idarəçiliyi üzrə qabaqcıl təcrübələrin tətbiqi və institusional potensialın artırılması sahəsində geniş fəaliyyət göstərir. Nazirlik tərəfindən aparılan bu islahatlar Azərbaycanda dövlət maliyyəsinin səmərəli, şəffaf və məsuliyyətli idarə olunması üçün möhkəm baza formalaşdırır və ölkənin sosial-iqtisadi inkişaf hədəflərinə nail olmasına xidmət edir.

Dizayn versiya və funksional imkanlarla xətasız tanış olmaq üçün zəhmət olmasa minimum 1300px genişlikdə ekrandan və Chrome , Edge və ya Firefox tipli daha müasir brauzerlərdən istifadə edin.

Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının rəsmi dövlət platforması