Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.02.2020-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na və 03.11.2020-ci il tarixli 436 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”na əsasən Maliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılmışdır.
Dövlət orqanları, dövlət müəssisələri, publik hüquqi şəxslər və biznes assosiasiyaları 01 iyun 2021-ci il tarixindən onları təmsil edən səlahiyyətli şəxslər vasitəsilə Maliyyə Nazirliyinin internet səhifəsində yaradılmış “Vergi və gömrük güzəştlərinə dair müraciət” bölməsində və ya e-azadolma.maliyye.gov.az saytında elektron imza ilə qeydiyyatdan keçərək, vergi və gömrük sahəsində güzəşt və azadolmalarla bağlı qanunvericiliyə dəyişikliklərə dair təkliflərini və güzəşt və azadolmaların büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi, 01 yanvar 2024-cü il tarixindən isə büdcə ilə yanaşı iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi üçün zəruri olan məlumatları təqdim edirlər.
Belə ki, gömrük rüsumları, Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə əlavə dəyər vergisindən və aksiz vergisindən azad olunan mallar üzrə güzəşt və azadolmalara münasibətdə qiymətləndirmə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), digər vergi güzəşt və azadolmalara münasibətdə isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində həyata keçirilir.
Qüvvədə olan güzəşt və azadolmaların qiymətləndirilməsinin nəticələrinə dair məlumatlar və qiymətləndirilmənin nəticələri əsasında hazırlanmış təkliflər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.