Azərbaycan Respublikasi Prezidentinin 19.07.2025-ci il tarixli 446 nömrəli Fərmanının 2-ci hissəsinin icrası məqsədilə “İnzibati Cərimələrin Mərkəzi Avtomatlaşdırılmış Lövhəsi” (İCMAL) informasiya sistemi yaradılmışdır.
“İCMAL” informasiya sistemi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və ya inzibati tənbeh növündə qərar qəbul etmiş səlahiyyətli orqanların büdcələrinə hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlilini və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsini təmin edir. İnzibati xəta haqqında protokollara və inzibati xəta haqqında iş üzrə qərarlara (qərardadlara) unikal kod verməklə mərkəzləşdirilmiş qaydada uçotu və izlənilməni təmin etməklə, inzibati xəta haqqında protokolun tərtib edilməsindən inzibati cərimənin ödənilməsinədək olan mərhələlərin real vaxt rejimində izlənilməsi üçün bütün mərhələlərin elektron müstəvidə həyata keçirilməsini mümkün edir.